Arzu Nağıyev: İnsanlar məsuliyyətsizliyin hansı fəsadlara yol aça biləcəyini dərk etməlidirlər

Arzu Nağıyev: İnsanlar məsuliyyətsizliyin hansı fəsadlara yol aça biləcəyini dərk etməlidirlər

Azərbaycan xalqı, hər bir vətəndaş tək özünü deyil, ətrafında olanları, yaxınlarını, tibb işçilərini, ümumiyyətlə ölkənin gələcək genefondunu, gələcəyimizə olan təhdidləri nəzərə almalıdır. İnsanlar bunu düşünməklə bərabər, həm də məsuliyyətsizliyin hansı fəsadlara yol aça biləcəyini dərk etməlidirlər

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev öz "Facebook" hesabındakı paylaşımında deyib.

Arzu Nağıyev bildirib ki, bu gün İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı Milli Məclisin iclasında çıxış etməli idi. Lakin səsəvermə tez olduğu üçün çıxış etməyib və çıxışını Katibliyə təqdim edib.

A.Nağıyev çıxışında qeyd edib ki, təqdim edilən layihə, yəni İnzibati Xətalar Məcəllləsinə nəzərdə tutulan dəyişikliklər çox mühüm və vaxtında ediləcək dəyişikliklərdir:

"İnzibati Xətalar Məcəlləsinin 211.1, 211.2 və 211.3 maddələrinə bir müddət əvvəl əlavələr edilmişdi və müvafiq cərimələrin tətbiqi ilə bağlı qərar qəbul olunmuşdu. Lakin təəssüf hissi ilə qeyd etmək istərdim ki, bunun məsuliyyətini və ciddiliyini bəzi vətəndaşlarımız tam şəkildə dərk etmədi".

Deputatın sözlərinə görə, Milli Məclisdə humanizm göstərilərək hətta bu cərimələrin az və ya çox olması ilə bağlı müzakirələr də oldu:

"Hazırda ölkədə yaranmış belə bir vəziyyətdə karantin rejimi, eyni zamanda fərdi-qoruyucu vasitələrdən, əsasən də maskalardan istifadə ilə bağlı müəyyən edilən tələblər pozuldu. Bu pozulmalar və təbii ki, məsuliyyətsizliklər son nəticədə koronavirusa yoluxanların sayına ciddi təsir etdi və yoluxma sayı kəskin surətdə artdı. Artıq hökumət, dövlət strukturları, aidiyyatı orqanlar həyəcan təbili çalmaqla qanunlara ciddi riayət etməyin, bununla bağlı daha sərt qanunların qəbul edilməsi istiqamətində addımlar atmağın zəruri olduğunu dəfələrlə bildirilər".

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı müharibənin, təcavüzün, təxribatın ağrı-acısına mətinliklə, mərdliklə sinə gərmiş bir xalqdır və əminəm ki, bu çətinlikdən də alnı açıq çıxacaqdır:

"Bu gün Milli Məclis, deputatlar və Milli Məclisin rəhbərliyi də bu çətinliklərin öhdəsindən gəlmək üçün qanunvericilik istiqamətində mühüm addımlar atır və dövlət xalqın yanındadır. Bütün bunları deməkdə məqsədim ondan ibarətdir ki, təqdim olunan layihəyə, daha doğrusu dəyişikliklərə deputat həmkarlarımı müsbət səs verməyə çağırıram və düşünürəm ki, bu dəyişiklik Azərbaycan vətəndaşının sağlamlığı, rifahı, gələcək genofondun qorunması, eyni zamanda dövlət və milli təhlükəsizliyimizə olan təhdidlərin qarşısının alınmasına yönələn bir qanunun qəbulu olacaqdır".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə olunacaq.

Xəbər lenti