Nəsimi festivalı çərçivəsində Şamaxıda təntənəli tədbir keçirilib - FOTOLAR

Nəsimi festivalı çərçivəsində Şamaxıda təntənəli tədbir keçirilib - FOTOLAR
Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci Nəsimi - Poeziya, incəsənət və mənəviyyat Festivalı davam edir.

Festival çərçivəsində Şamaxıda təntənəli tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ictimaiyyət nümayəndələri, mədəniyyət və elm xadimləri, xarici qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən T.Məmmədov Nəsimi festivalının keçirilməsinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Fondun icraçı direktoru Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Fondu tərəfindən Bakıda və Şamaxıda silsilə tədbirlər keçirilir və buna görə təşkilat komitəsinə, iştirakçılara və xarici qonaqlara təşəkkür edib:

"Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əlyev Fondunun prezidenti Mehriban Əliyevaya bütün tədbirlərin təşkilində bilavasitə iştirakına görə dərin təşəkkür bildirmək istərdim. Məhz onun diqqəti və məsləhətləri sayəsində tədbirlərimiz rəngarəng və gözəl alınır".

Şamaxı Diyarşünaslıq muzeyində "Şamaxı antologiyası" (1468, Britaniya muzeyi, London) əlyazmasından müxtəlif texnika və tərzlərdə səkkiz miniatür təqdim olunub. Azərbaycan miniatür incəsənətinin bu şahəsəri onu göstərir ki, 15-ci əsrdə Şamaxı mədəniyyət mərkəzi olub və burada yüksək kitab mədəniyyəti mövcud olub.

Ekspozisiyanın müəllifi, Təbrizin İran İncəsənəti İslam Universitetinin professoru Kərim Mərzəi qeyd edib ki, qədim Şamaxı torpağı öz mədəniyyəti və incəsənəti, ədəbiyyatı, xalçaçılığı, memarlığı və dünya irsinin unikal əsərləri ilə məşhurdur:

"Bizim miniatürlər layihəmiz təkcə Şamaxının qədim tarixi və mədəniyyətinin təbliğatına yönəlməyib, həm də bugünkü dünyaya əsrlərin prizmasından baxmağa imkan verir".

Qonaqlara Əfqanıstanın "Zahra", Azərbaycanın " Detaché" və "İnci" ansambllarının, eləcə də Almaxanım Əhmədlinin iştirakı ilə konsert proqramı təqdim olunub.






Xəbər lenti