“Parlament bu qərarı verməklə Azərbaycanın siyasi həyatında müsbət ənənənin əsasını qoymuş olur” - Azay Quliyev

“Parlament bu qərarı verməklə Azərbaycanın siyasi həyatında müsbət ənənənin əsasını qoymuş olur” - Azay Quliyev

"Bu gün biz qeyri-adi bir məsələni müzakirə edirik. Müasir və müstəqil Azərbaycan tarixində yeni bir ənənənin əsasını qoyuruq. Milli Məclis öz təşəbbüsü ilə parlamentin buraxılması mexanizmini işə salmaq üçün toplaşıb və müzakirə aparır. Hesab edirəm ki, parlament bu qərarı verməklə Azərbaycanın siyasi həyatında yeni bir ənənənin, yeni bir mədəniyyətin tətbiqinin əsasını qoymuş olur”.

7News.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Azay Quliyev deyib.

O, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və parlamentdə təmsil olunan deputatların  təşəbbüsünün bu vaxtda irəli sürülməsini təqdirəlayiq hal olduğunu bildirib:

"Həmkarlarımın da qeyd etdiyi kimi, belə bir təşəbbüs heç şübhəsiz ki, Azərbaycanda həyata keçirilən islahatların ruhuna və trendinə uyğun olan yeni bir parlamentin formalaşmasına şərait yaradacaq. Heç şübhəsiz ki, həmin islahatların da qanunvericilik səviyyəsində töhfələr verməsi üçün əlavə imkanlar əldə olunacaq. Yeni Azərbaycan Partiyası bu təklifi irəli sürən zaman kifayət qədər fikirlərini açıq şəkildə bildirmiş, arqumentlərini qeyd etmiş və hansı motivlərlə çıxış edərək belə bir təşəbbüsün irəli sürülməsini ifadə etmişdir. Məncə, bu barədə əlavə danışmağa ehtiyac yoxdur”.

Azay Quliyev bir məsələni də qeyd edib: "Bu gün YAP çox böyük cəsarətlə islahatlara yeni nəfəs vermək, parlamentə üzv olan deputatların mandatının yenilənməsi üçün xalqa müraciət etmək qərarına gəlib. Bu, onunla izah olunmalıdır ki, hazırda məqsəd həyata keçirilən islahatlara xalqın da dəstəyini bir daha qazanmaq və bu dəstəyin parlament səviyyəsində ehtiva olunmasına nail olmaqdan ibarətdir. Şübhə etmirəm ki, YAP-ın məhz seçki öncəsi əsas şüarlarından biri islahatlarla bağlıdır.
Hesab edirəm ki, erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsü həm də ona imkan yaradacaq ki, qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında daha dəqiq balansın formalaşması və tənzimlənməsi həyata keçirilsin. Əlaqə və əks-əlaqə bugünkü günümüzün tələblərinə uyğun şəkildə təşkil edilsin. Bir məsələni də unutmamalıyıq ki, YAP dünya təcrübəsinə əsasən belə bir təşəbbüslə çıxış edib. Özünün parlamentdəki səs çoxluğundan isifadə edərək, gələcək strateji hədəflərinə çatmaq və milli maraqlarımızı təmin etmək üçün belə bir təşəbbüs irəli sürüb. Hansı ki, bu da təqdir olunmalı və dəstəklənməlidir”.

"Hesab edirəm ki, qəbul olunacaq bu qərar bütövlükdə Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qurumların, partiyaların maraqlarına uyğundur və parlamentdə iştirak edən və təmsil olunan siyasi partiyaların nüayəndələri də bu təşəbbüsü dəstəkləyəcəklər”,-deyə Azay Quliyev əlavə edib.

 

 

7News.Az

Xəbər lenti