QHT-lər maliyyə əməliyyatlarını elektron formada apara biləcəklər

QHT-lər maliyyə əməliyyatlarını elektron formada apara biləcəklər
Prezident İlham Əliyev "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
 
7News.Az trend-ə istinadən məlumat verir ki, qanuna əsasən, "Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə aşağıdakı məzmunda 4-3-cü hissə əlavə edilir:
 
"4-3. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.”.
 
Prezident İlham Əliyev, həmçinin "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu da imzalayıb.
 
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 16.2-1-ci, 16.2-2-ci və 24-3-cü maddələr əlavə edilir:
 
"16.2-1. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə dövlət qeydiyyatı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
 
16.2-2. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir.”;
 
"Maddə 24-3. Qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsinin elektron müraciət əsasında aparılması
 
Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və qəbul etdikləri ianələr üzrə məlumatların təqdim edilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə bilərlər.”.

Xəbər lenti