“Ramil Səfərov “erməni oğlan, çıx bayıra” deyə bağırırdı”

“Ramil Səfərov “erməni oğlan, çıx bayıra” deyə bağırırdı”

Tanınmış vəkil Adil İsmayılov Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan, 8 il 6 ay cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan və prezident tərəfindən azadlığa buraxılan Ramil Səfərov haqda növbəti yazısını yazıb. 

LOBBİ.Az vəkilin yazısını təqdim edir: 

Məhkəmə qərarına əsasən psixiatr İldiko Kovaç və psixoloq Yanoş Xorvat 1335/2005 saylı ikinci ekspertiza rəyi verdilər. Ekspertlər bu rəyə əsasən, Ramil Səfərovda post travmatik stress (possttraumas stress) olması diaqnozu qoydular. Ekspertlər Səfərovla onun istəyinə əsasən türk dilindən tərcüməçi vasitəsi ilə ünsiyyətdə oldular.

Rəydə göstərilirdi ki, Səfərov əməli törədərkən, şəraiti öz düşüncəsinə uyğun qiymətləndirdiyindən, öz hərəkətlərinin nəticələrini tam dərk edə bilməyib. 

Ekspertlər onun öz hərəkətlərini orta dərəcəli məhdudiyyətlə dərk etməsi nəticəsinə gəliblər. Bir qədər aydın olması üçün qeyd edim ki, Macarıstanın Cinayət Məcəlləsində bizim Cinayət Məcəlləsinin (CM) 22.1.-ci maddəsində olduğu kimi "anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs" anlayışı olmaqla anoloji maddə də var. 

Bizim CM-in 22.2-ci maddəsində göstərilir ki, anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır. 

Macarıstan CM-də isə bu daha konkretdir və orda maddənin sanksiyası daxilində yüngül cəzadan söhbət gedir. Bu isə o demək idi ki, hakim istəsə də, Ramil Səfərova ömürlük həbs cəzası verə bilməyəcəkdi, görünür bu hakimi qane etmirdi.

Beləliklə, birinci və ikinci ekspertiza rəyləri arasında ziddiyyət yarandı . Hakim əvvəlcə ikinci ekspertizanın rəyini birinci rəyi vermiş ekspertlərə göndərdi. Onlar təbii ki, öz rəylərində qaldılar. Bundan sonra hər iki rəyi verən ekspertlər məhkəməyə dəvət edilib dindirildilər. Bu da yekdil nəticəyə gəlməyə imkan vermədi. 

Məhkəmənin hökmündə bir məqam diqqətimi xüsusi cəlb etdi. Hakim yazırdı: təqsirləndirilən şəxsin orduya "erməniləri öldürmək” məqsədilə getməsi barədə istintaqda verdiyi etiraf ifadəsinə zidd olaraq, ikinci ekspertiza zamanı bunu "öz vətənini müdafiə etmək" məqsədilə etməsi barədə dediklərinə ikinci ekspert tənqidi yanaşmayıb və bunu əsas götürüb. 

İkinci ekspert özünə əziyyət verib təqsirləndirilən şəxsdən nə üçün ona danışdıqları simptomlar barəsində ilkin ifadələrində göstərməməsinin, hətta bir sıra məqamlarda suallara birinci ekspertlərə verdiyi cavablara zidd cavablar verməsinin səbəblərini öyrənməyə çalışmayıb.

Hakimin qərəzli mövqeyi onun dindirmə zamanı ikinci ekspertə qarşı açıq-aşkar aqressiv davranışından da görünürdü. Dindirmədən sonra hakim üçüncü eksperiza təyin edilməsi barədə qərar verdi. Ekspertizanın keçirilməsi SOTE (Semelveys adına tibb univerditeti) ekspertləri psixiatr Margit Rabşteyn və psixoloq Margit Şooşa həvalə edildi. Bu ekspertlər faktiki olaraq ikinci ekspertizanın rəyini təsdiq etdilər. 

Əvvəlki ekspertiza rəyləri arasındakı ziddiyyəti isə tərcümənin yaratdığı və birinci ekspertizanın hadisədən dərhal sonra keçirildiyi üçün təqsirləndirilən şəxsin emosional gərginliyi ilə izah etdilər.

Üçüncü ekspertizanın rəyinə əsasən, təqsirləndirilən şəxs hadisə baş verərkən psixikasında olan pozuntular nəticəsində etdiyi hərəkətlərin xarakterini və nəticəsini yüksək dərəcədə məhdudiyyətlə dərk etmişdir. 

Hadisənin və onun nəticələrinin orta deyil yüksək dərəcədə məhdudiyyətlə dərk edilməsi ikinci və üçüncü rəylər arasındaki yeganə fərq idi desək yanılmarıq. Təbii ki, bu rəy hakimi ümumiyyətlə qane etmədi və o, dördüncü ekspertiza keçirilməsi barədə qərar verdi...

Dördüncü ekspertizanın keçirilməsi ekspertlər Ervin Nada və Qabor Kovaça həvalə edildi. Onlar 20 fevral 2006-cı ildə 021/2006 saylı ekspertiza rəyini məhkəməyə təqdim etdilər. Bu ekspertlər faktiki olaraq birinci ekspertizanın rəyini təsdiq etdilər. Nəticə belə idi ki, Ramil Səfərov cinayəti törədərkən və ondan sonra tam anlaqlı vəziyyətdə olub, posttravmatik stressdən əziyyət çəkməyib, hadisənin mahiyyətini və nəticələrini dərk etməsində heç bir məhdudiyyət olmayıb.

Hakim nəhayət ki, istədiyi rəyi aldı. Burda bir məqamı xüsusi vurğulamaq vacibdi. Ramil Səfərov son sözündə dedi ki, dördüncü ekspertin namizədliyini məhz birinci ekspert Katalin Qaal təqdim etdiyi üçün onun verdiyi rəy obyektiv ola bilməzdi. Bu inkarolunmaz fakt idi, hakimin ekspertin müdafiəsinə yönəlmiş arqumentləri isə absurd idi. 

Hakim dedi ki, müdafiə tərəfi bunu bilirdi, amma ekspertə etiraz etmədilər. Hakimin Ramil Səfərovun rus dilini yaxşı bilməsi barədə arqumenti də gülüş doğurur.

Hökmdə göstərilir: "Şahid ifadələrinə görə təqsirləndirilən şəxs hər iki ermənini rus dilində söyürdü. Əgər o cinayəti törədərkən rus dilində söyə bilirdisə, demək ki, öz hərəkətləri barədə ifadələri də bu dildə verə bilərdi”.

Yeri gəlmişkən, məhkəmədə iştirak etməyən iki şahidin ifadələrində dil barəsində dediklərini diqqətinizə çatdırım . İkinci azərbaycanlı zabit Anar Əliyev ifadəsində göstərib ki, hadisədən "təxminən beş gün əvvəl Ramillə mən ermənilərlə koridorda rastlaşdıq. Onların yanından keçdik. Bu vaxt Ramil mənə dedi ki, bizi söydülər. Mən ondan soruşdum ki, nə vaxtdan ermənicə bilir. O isə dedi ki, ermənicə bilmir, təkcə bu söyüşü bilir”.

İkinci erməni zabitin otaq yoldaşı litvalı zabit, Paulius Saulius istintaqda verdiyi ifadəsində göstərmişdi ki, Ramil Səfərov qaldıqları otağın qapısını döyərkən azərbaycanca (?) "erməni oğlan, çıx bayıra” bağırırdı. 

Hər iki şahidin ifadəsi məhkəmədə elan edildi. Hakimin məntiqinə əsasən, Ramil Səfərovu eyni qaydada erməni, Sauiliusu isə Azərbaycan dilində tərcüməçinin iştirakı ilə dindirmək olardı.

Ümumiyyətlə, hakimin tərcümə məsələsinə özünə məxsus baxışı vardı. Məhkəmə iclasında onun dəvət etdiyi Azərbaycan dili tərçüməçisinin tərcümə xətalarına yol verməsi onun və türk dili tərcüməçisinin eyni mətni fərqli tərcümə etdiyi zaman məlum oldu. Səfərovun vəkili Peter Zalay tərcüməyə irad bildirdikdə hakim buna qəribə reaksiya verdi .

Hakim Vaskuti Andraş vəkilə irad tutaraq: "Cinayət mühakimə icraatının vəzifəsi relevant faktları, yəni həmin gecə səhərə yaxın nə baş verməsini araşdırmaqdır. Əgər burda qeyri-dəqiqlik olsa bunun əhəmiyyətli nəticələri ola bilər. Amma şahidin hansı xəstəlikdən əziyyət çəkməsi, ona hansı müalicə kursu təyin edilməsi, bu barədə məlumatı hansı nazirliyin verməsi cinayət məsuliyyəti baxımından heç bir əhəmiyyət daşımır" dedi. 

Bu məntiqlə Ramil Səfərovun orduya getməsini düz tərcümə edəndən sonra orduya hansı məqsədlə getməsini səhv də tərcümə etmək olardı. Yaxud şübhəli şəxs kimi 19 fevral 2004-cü il tarixli dindirmə protokolunda Ramil Səfərovun iş yerinin RUSIYA MÜDAFIƏ NAZIRLIYI kimi göstərilməsi normal idi, nazirlik hər yerdə nazirlikdi.

Qeyd edim ki, məhkəmə iclaslarının gedişində audio yazı tətbiq edilirdi. İclasdan bir neçə gün sonra iclas protokolları tərəflərə göndərilirdi. Məhkəmə iclas protokollarının, ekspertiza rəylərinin və işdə olan digər sənədlərin hamısının orijinalı və tərcümə olunmuş variantları məndə var. Hələ ki ekspertiza barəsində demək istədiklərim bunlardır. Amma bu məsələdən danışanda azərbaycanlı ekspert-psixiatrların zəhmətini qeyd etməmək mümkün deyil.

Onlardan biri professor Bilal Əsədov barəsində yazdım. İndi isə bu işdə zəhməti olan digər iki psixiatr akademik Ağabəy Sultanov (Allah ona rəhmət etsin) və professor Nadir İsmayılov barədə. Hər iki görkəmli alim Ramil Səfərov barəsində rəy verdilər və bu məhkəməyə təqdim edildi. Onlar həm də Budapeşt şəhərinə gedib ekspertizada müşahidəçi kimi iştirak etdilər...

Xəbər lenti