“Azadlıq mübarizliyin”dən “satılmış” statusuna: Mahmudəli Çöhrəqanlının iflas marşrutu-Toğrul Allahverdili yazır

“Azadlıq mübarizliyin”dən “satılmış” statusuna: Mahmudəli Çöhrəqanlının iflas marşrutu-Toğrul Allahverdili yazır
Tarix əsrlər boyu insanlara təkrar-təkrar dərs keçməklə, davam etməkdədir. Bəzən tarix bir zamanlar əlindən tutub ayağa qaldırdığın, canınla, malınla, lap elə varınla birlikdə əlbir olub adam kimi yetişdirdiklərinin sənə düşmən kəsilən vəhşi bir varlığa çevrildiyini nümayiş etdirir.

Sonradan çörək verdiklərin qarşı cəbhədə yerləşərək, sənin əleyhinə vuruşmağa başlayırlar. Bu tip insanlar hər dövrdə olub və belələri bizim milli mentalitetimizdə dəyərlərimizə zidd, ədəbiyyatımızda ən mənfi personaj, filmlərimizdə isə ən mənfi obrazlar kimi təqdim olunublar.

Real həyatda da heç bir cəmiyyətin özünə yaxın buraxmadığı bu cür şəxslər sonda pənah apardıqları kənar qüvvələrə sığınaraq, hansısa ideologiyanın qurbanına çevrilirlər.

Çox təəssüf ki, Mahmudəli Çöhrəqanlı da bu ideologiyanın qurbanlarından birinə çevrilib. Gətirdiyim bu nümunə hər hansı bir məntiqə və ya riyazi düstura əsaslanan həllə malik deyil. Çöhrəqanlının bir zamanlar Milli-Azadlıq Hərəkatının ön sıralarında Azərbaycan xalqının gələcəyi naminə canını təhlükəyə atan Sabir Rüstəmxanlıya dil uzatması buna ən gözəl, ən sadə və cavabı 2x2 qədər asan məsələ deyilmi?

S.Rüstəmxanlının hələ deputat olduğu dövrdə Azərbaycan xalqının problemlərini müntəzəm ardıcıllıqla müzakirəyə çıxarması onun bu xalqa necə bağlı olduğundan xəbər verir. Hər kəs bilir ki, S.Rüstəmxanlı Azərbaycanın müstəqilliyinin bərpasında müstəsna xidmətləri olan dəyərli ziyalıdır.

Azərbaycanın müstəqilliyi uğrunda yalnız Azərbaycan xalqını, dövlətini, millətini sevənlər mübarizə apara bilərdir. Çünki amansız bir rejimin siyasi repressiyalarının tüğyan etdiyi bir dövrdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə atılmaq az qala intihara bərabər addım idi. Bu təhlükə yalnız damarlarında türk qanının axdığı vətənsevərlərin gözündə bir heç kimi görünə bilərdi.

O, təkcə siyasətçi, şair, yazıçı, ziyalı deyil, həm də xeyirxah və xeyriyyəçiliklə məşğul olan sadə bir türkdür. Bunu elə M.Çöhrəqanlı da çox gözəl bilir. Çünki irəli çıxması üçün Çöhrəqanlıya dəstək və təkan verən də S.Rüstəmxanlı olub.


Amma bu gün Çöhrəqanlının İran rejiminə və yaxud da xaricdən maliyyələşən qruplaşmalara xidmət etməsi öz dili ilə etiraf olunur. Yeri gəlmişkən, yadelli qüvvələrə sığınaraq hansısa ideologiyanın əsirinə çevrilən Qurban Məmmədovun kanalında canlı yayıma çıxan Çöhrəqanlının Azərbaycan dövlətinin əleyhinə hədyanlar danışması onun çox ucuz qiymətə satıldığını göstərir.

Bu "ticarət”də Çöhrəqanlının qazandığı yeganə "dəyər” isə "satılmış” statusudur... Adam heç olmasa bundan sonra özünü hansı səviyyəyə endirdiyinin fərqində olcaqmı? İnanmaq çətindir.

Toğrul Allahverdili

Xəbər lenti