Azərbaycan gənci hər zaman həm ölkə daxilində, həm də xaricdə vətənə bağlılığı ilə seçilib

Azərbaycan gənci hər zaman həm ölkə daxilində, həm də xaricdə vətənə bağlılığı ilə seçilib

44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin gücünü bütün dünyaya göstərdi!

Gənclik zamanın, dövrün hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə, cəmiyyət özü zəmin yaratmalıdır. Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ideoloqların qarşısında duran böyük bir vəzifədir.

Bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Azərbaycan da istisna deyil. Azərbaycan gəncliyi bölgədə öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olan gənclər kimi həmişə sayılıb-seçilib. 44 günlük Vətən müharibəsində isə bütün dünya Azərbaycan gəncliyinin əsl gücünü gördü. Bəli, müharibənin əsas qalibləri məhz gənclərimiz, şücaətli ordumuz idi. Bu gün ölkəmizdə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi sahəsində hansı işlər görülür və planlaşdırılır?


7NEWS.az olaraq mövzunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyevlə müzakirə etdik.

A.Əliyev ölkədə aparılan gənclər siyasətinin tək region deyil, dünya üçün nümunə olduğunu dedi: "Bugünki gündə Azərbaycan gəncliyi bütöv, müstəqil Azərbaycanın uğurlu gənclər siyasətinin əsasını təşkil edən qüvvədir. Gənclər siyasəti hər zaman dövlət siyasətinin ayrılmaz bir hissəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramlarının icraları nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və çoxsaylı uğurlar əldə olunmuşdur. Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Bildiyimiz kimi, gənclər siyasətinin icra edilməsi ölkəmizdə fəaliyyət göstərən müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları, publik-hüquqi şəxslər və qeyri-hökümət təşkilatları tərəfindən həyata keçirilir. Qeyd edə bilərəm ki, gənclər siyasətinin qarşıya qoyduğu hədəflərin icrasında hər zaman fəaliyyəti ilə aktivlik nümayiş etdirən təşkilatlardan biri də Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasıdır (NAYORA). Məlumat üçün bildirmək istərdim ki, NAYORA ölkə üzrə 137 gənclər təşkilatını özündə birləşdirən çətir təşkilatdır. Üzv gənclər təşkilatlarının fəaliyyətlərindən bəhs edərkən, onların əhatə etdikləri məsələlərində də kifayət qədər önəmli olduğunu düşünürəm. Belə ki, üzv gənclər təşkilatları tərəfindən gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, məşğulluq məsələləri, gənclərin sağlamlığı və səhiyyə məsələləri, keyfiyyətli təhsil, aktiv vətəndaşlıq mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği kimi digər məsələlər və fəaliyyətlər olduqca aktual və zəruridir.

NAYORA-nın gənclər siyasətindəki rolu və fəaliyyətinə gəlincə isə bildirmək istərdim ki, Gənclər Təşkilatlarının Milli Şurası olaraq Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, həmçinin, gənclərin dövlət qurumlarının rəhbər və nümayəndələri ilə görüşlərinin təşkil edilərək onların ölkə səviyyəsində əlaqələrinin genişləndirilməsinə dəstək olmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişafına töhfə verməkdir.

Ölkədə aparılan uğurlu gənclər siyasətinin nəticəsidir ki, Azərbaycan gənci hər zaman həm ölkə daxilində, həm də xaricdə vətənə bağlılığı ilə seçilmiş, bir çox yerli və beynəlxalq yarışlarda böyük nailiyyətlər əldə etmiş, o cümlədən milli ruh və vətənpərvərlik məsələlərində daima öz aktivliyini və sadiqliyini nümayiş etdirmişdir. Buna misal olaraq həm pandemiya dönəmi, həm də 44 günlük Vətən Müharibəsi ərzində istər ön cəbhədə, istərsə də arxa cəbhədə gənclərimizin göstərdikləri qəhrəmanlıq və şücaətləri nümunə göstərə bilərik. Təəssüf ki, ötən il pandemiyanın yaratdığı vəziyyətdən dolayı bütün dünya ölkərində olduğu kimi, Azərbaycan üçün də gərgin il oldu. Lakin, dövlətimiz tərəfindən həyata keçirilən sosial layihələr xalqımızın həyat səviyyəsinin və sosial-rifahının yaxşılaşmasına səbəb oldu. Bununla yanaşı, qeyd edim ki, pandemiya ilə mübarizədə gənclərin və gənclər təşkilatlarının rolu danılmazdır. Bildiyimiz kimi, pandemiyanın ən çox yayıldığı zamanlarda belə, ölkə gəncləri və gənclər təşkilatları könüllü olaraq ahıllara, sosial sahədə yardıma ehtiyac duyan insanlara öz kömək və dəstəklərini əsirgəmədilər. Pandemiya zamanı NAYORA tərəfindən həyata keçirilən "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması”, "İctimai Nəzarət" və "İctimai Maarifləndirmə” layihələri çərçivəsində COVID-19 pandemiyasına qarşı mübarizə və vaksinasiya prosesinin vacibliyi haqqında gənclər arasında maarifləndirici söhbətlər aparılmış, sorğular keçirilərək məlumatlılığın artırılması yönünüdə tədbirlər görülmüşdür. Misal olaraq bildirmək istərdim ki, "İctimai Maarifləndirmə” layihəsində gənclərimiz, o cümlədən gənclər təşkilatlarının rəhbərləri tərəfindən minlərlə vətəndaşlar arasında aparılmış sorğuların nəticələri təhlil edilmiş və zəruri istiqamətlərdə müxtəlif tədbir və fəaliyyətlər həyata keçirilmişdir. Həmçinin "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi həyat keçirilən zaman Qazax, Şəmkir, Tovuz, Biləsuvar və Bakı şəhərinin Xəzər rayonunun gənclərinin təklifləri əsasında sosial sahədə və maarifləndirmə fəaliyyətində Məşvərət Şuralarının gənc üzvləri tərəfindən müxtəlif layihələrin baş tutmasına dəstək göstərilmişdir.

Qeyd etdiyim kimi gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda milli şüurunun formalaşdırılması gənclər siyasətinin əsası olmaqla 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə etməyimizin kökündə dayanan əsas amillərdən biridir. Məlumat üçün bildirim ki, NAYORA-nın Vətən müharibəsindəki nailiyyətləri dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT tərəfindən qiymətləndirilmişdir. Beləki, BMT-nin Hmanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi Azərbaycanda qeyri-hökümət təşkilatlarının Vətən müharibəsi dövründə humanitar fəaliyyətinə dair hesabat dərc etmişdir. Bu hesabatda NAYORA ən fəal təşkilatlardan biri kimi ikinci yerdə qərarlaşmışdır.

44 günlük həssas dönəmdə NAYORA və digər gənclər təşkilatları birlik nümayiş etdirərək müxtəlif dövlət orqanlarına bəyənatlar ünvanlayaraq gerçəklərin dünya ictimaiyyətinə düzgün çatdırılmasında mühüm rol oynamışdılar.

44 günlük Vətən müharibəsi dövründə NAYORA-nın üzv təşkilatlarıda həmçinin Vətənpərvəliyə hesablanmış layihələrlə, əcnəbilərin öz dillərində çəkdikləri qısa video süjetlərin öz ölkələrində yayımlanması, ölkənin tanınmış ictimai-siyasi xadimlərinin iştirakı ilə video çarxların hazırlanması və xarici dildə yayımlanması kimi fəaliyyətləri ilə virtual məkanda öz sözlərini demişlər.

NAYORA Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsi zamanı gənclər təşkilatları olaraq informasiya müharibəsində fəal iştirak etmişdir. Və Böyük Qayıdış prosessində gənclər təşkilatları tərəfindən gənclərin rolunun artırılması ilə bağlı layihə və tədbirlərin keçirilməsi də prioritet məsələlərdən biridir.
Xüsusilə qeyd etmək lazımdır ki, "Neçə illərdir həsrətində olduğumuz Qarabağımızı yenidən dirçəltmək və orada gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaq hər birimizin səbrsizliklə baş tutmasını gözlədiyimiz mühüm işlərdən biridir”.

Səbuhi Abbasov
7NEWS.az


Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.


Xəbər lenti