“Biz olmalı olduğumuz yerlərdəyik” MÜSAHİBƏ

“Biz olmalı olduğumuz yerlərdəyik” MÜSAHİBƏ
Elşən Musayev: "Xankəndi ətrafındakı yüksəkliklərə nəzarət Azərbaycanın haqqıdır ”

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin "Səs” qəzetinə müsahibəsi

- Elşən müəllim, Azərbaycan ordusunun keçirdiyi son əməliyyatla Xankəndi ətarfındakı mühüm yüksəkliklərə nəzarət etməsi, sonrakı proseslərdə davam etdirilməsi nə dərəcədə gözləniləndir?

- Xankəndi ətrafındakı yüksəkliklərə nəzarət Azərbaycanın haqqıdır və öz haqqımıza da qovuşmuşuq, üstəlik, qansız-qadasız. Yəni, biz olmalı olduğumuz yerlərdəyik və bütün gedişatlarda da beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Çünki həmin torpaqlar dövlətimizin suveren əraziləridir. Təbii ki, gələcəkdə də möhkəmlənməmiz davam edəcək. Sadəcə, format hələ məlum deyil. Bu, güc resursları ilə də, sakit, sülh formatında da ola bilər. Əsas odur ki, bütün mərhələlərdə qalib bizik, diktə edən bizik və Ermənistan əvvəl-axır məlum reallıqla barışmalı olacaq.

- Rusiya müdafiə nazirliyi növbəti dəfə Azərbaycanın keçirdiyi son əməliyyata özünəməxsus şəkildə rəy verməyə çalışdı. Rusiyanın yenə də 10 noyabr razılaşmasından kənara çıxması nəyə hesablanıb?

- Açığı həmin rəy abstrakt idi və yəqin ki, Rusiya tərəfinin özü də verdiyi rəydən konkret bir şey anlamayıb. Daha dəqiq desəm, bu rəy tələm-tələsik, qatmaqarışıq şəkildə verilmişdi. Ona görə də, əks-sədası olmadı, xüsusi diqqət cəlb etmədi. Amma təbii, sizin də söylədiyiniz kimi, 10 noyabr razılaşmasına mütləq şəkildə əməl olunmalıdır. Üstəlik, bir tək razılaşmaya deyil, həm də bayaq adını çəkdiyim beynəlxalq hüququn norma və tələblərinə. Eyni zamanda, qonşuluq siyasətində gözlənilməsi son dərəcə vacib olan etiket qaydalarına.

- Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycana səfərə gəlir. Fransa od içində olduğu bir məqamda bu məmurun Bakıya gəlməsi nə ilə bağlı ola bilər?

- Ketrin Kolonnanın ölkəmizə hansı məqsəd və məramla gəlməsi haqda nəsə deyə bilmərəm. Çünki təfsilatlar haqda məlumatlı deyiləm. Hər halda ümid edək ki, səfər xoşməramlıdır və bölgədəki proseslərin adekvat dəyərləndirilməsi məqsədini daşıyır. Eyni zamanda, bir məqamı xüsusi qeyd edim: Azərbaycan heç vaxt heç bir dövlətlə düşmənçilik siyasəti aparmayıb, Azərbaycan hər zaman sülhün və normal münasibətlərin tərəfdarı kimi çıxış edib. Kimsə ilə də aramız dəyibsə, bu, bizim yox, qarşımızdakının günahı ucbatından olub. Ona görə də, düşünürəm ki, Fransa öz xarici siyasətində dəyişiklik etməli, erməniyə dəstək verməkdən çəkinməli və həqiqətin yanında olmalıdır.

Xəbər lenti