Bu günləri keçmiş xatirə kimi danışmaq üçün bu günlər keçməlidir

Bu günləri keçmiş xatirə kimi danışmaq üçün bu günlər keçməlidir
Məqalə Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olmuş "Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi” layihəsi çərçivəsində yazılıb. 
Bu günləri keçmiş xatirə kimi danışmaq üçün bu günlər keçməlidir.
      Sərt karantin rejiminin nə demək olduğunu mən ilk dəfə  "Uzaq sahillərdə” filmindən öyrənmişdim. Alman ordusu əskərlərinin partizan əskərlərinə "Məgər siz bilmirsinizmi dünəndən şəhərdə iki-iki gəzmək qadağandır” deməyi və xüsusi vəsiqəylə icazələrinin olduğunu göstərmələri mənim üçün çox təəccüblü gəlmişdi. Bir çox həmyaşıdlarım kimi, müstəqil ölkənin vətəndaşı olaraq mənə qəribə gəlmişdi ki, necə ola bilər ki insanlar xüsusi icazəylə çölə çıxa bilər?  Ağlıma ancaq müharibə gəlirdi. Fikirləşirdim ki, yəqin ancaq müharibə olsa insanlar işlərini dayandırar, evdən icazəylə çıxa bilər, doğmalarından uzaq qala bilər və s. 
Hal-hazırda biz tarix yaşayırıq. Necəki 90-cı illərdə çörək növbəsinə duran valideynlərimizin həyat hekayələrini dinləyirik. Eyni ilə biz də öz övladlarımıza "sərt karantin” rejimi haqqında maraqla danışacayıq. Təbii ki, bu günləri keçmiş xatirə kimi danışmaq üçün bu günlər keçməlidir. 
Bəs sərt karantin rejimində nələr yaşadıq?
Bəli, maddi çətinliklərimiz oldu, bir çox insan yaxınlarını itirdi, doğmalarımızdan uzaq qaldıq, işimizdən, bağçamızdan, məktəbimizdən uzaqlaşdıq və s. Təbii ki, hər birimiz sağlamlığımızı qorumaq üçün "sərt karantin” rejiminin şərtlərinə sözsüz əməl eləməyə başladıq və düşündük ki, pis günün ömrü ən çox 40 gün çəkər. Amma düşündüyümüz olmadı və bu insanların psixologiyasına daha pis təsir elədi. Çünki insanlar daha çox gözləntiləri qarşılıqsız qaldıqları zaman travma almış olurlar. Gözləyirlər alınmır, yenə gözləyirlər olmur və sonunda təşviş halı yaşamağa başlayırlar, gərgin olurlar, depressiv vəziyyətə düşür və buna bənzər hallar yaşayırlar.
"Sərt karantin rejimi” davam edir və nə vaxta kimi davam edəcək onu da bilmirik. 
Bəs bu rejimə necə öyrəşək?
Təbii ki, düşmənimizi yaxşı tanımaqla işə başlamalıyıq. Eynən Mixaylo kimi kəşviyyatçı olmalıyıq. Covid-19 necə bir virusdu? Hansı hallarda yoluxma artır? Qorunma yolları nədir? və s. 
Tibbi məlumatlandırmanı ÜST və Azərbaycan Respubliksanın Səhiyyə Nazirliyi bizə bütün incəlikləri ilə başa salır. Biz deyilənlərə əməl edirik, amma yenə də özümüzü güvənsiz  hiss edirik, bizə özümüzü güvəndə hiss etməyimiz üçün qalxan gərəklidir. Bütün xəstəliklər kimi ən güvənli qalxanlardan biri və ya birincisi yüksək və pozitiv əhvaldır. Bu günlərdə də bizim dərmanımız ilk olaraq əhvalımızı yüksək tutmağımızdır. İndi eşidirəm çoxunuz deyirsiniz ki, "pulumuz var ki əhvalımız yüksək olsun?”. Onda icazənizlə  mən sizin diaqnozunuzu dəyişirəm. Əgər sağlamlığınız yerindədirsə və Sizə əhvalınızın yüksək olması üçün pul lazımdırsa burda sizin üçün yazımı dayandırıram. Çünki, Siz artıq xəstələnmisiniz və özünüzdə olan viruslardan bu tezliklə qurtula bilməyəcəksiniz. 
Hə, harda qalmışdıq? Əhvalımızı yüksək tutmağı bacarmalıyıq. Bunun üçün nə etməliyik: 
Bacardığınız qədər erkən qalxın
Ailə üzvlərinizin üzünü güldürmək üçün kiçik sürprizlər hazırlayın. Misal üçün: Balkonda səhər yeməyi hazırlayın, ev əhalisini pozitiv musiqi sədaları altında oyadın və s.
Gündəlik iş bölgüsünü mütləq ailə üzvlərinizlə paylaşın
Ailədə hər kəsin 1 saatlıq şəxsi saatı olsun. Həmin saatda kim nə istəyir o işlə məşğul olsun
Ailədə 1 saat ortaq fəaliyyət saatı olsun. Mütləq birlikdə vaxt keçirin, oyunlar oynayın
Uşaqların təlim saatı olsun
İcazə ilə də olsa, qısa müddətlik çölə çıxın
Hər gün qohumlar, ailə dostları və s. yaxın insanlarla görüntülü və ya səsli danışın
Filmə baxın, rəqs edin, birlikdə yeməklər bişirin və s.
Uşaqlı ailələr uşaqlar yatdıqdan sonra ən az 1 saat baş-başa vaxt keçirin
Bütün bu fəaliyyətləri etmək üçün bəlkədə əvvəllər işlərin çoxluğundan şikayətlənib məsuliyyətlərimizi boynumuzdan atırdıq. Amma indi "sərt karantin rejimi” bizlərə şikayətləndiyimiz amilləri aradan qaldırıb  ağ səhifə verdi. 
Hə-hə bilirəm, indi çoxunuz deyirsiniz ki, Anara xanım nə vaxta kimi bunları edəcəyik?
Cavabım: Bilmirəm.
Çünki bu silahsız müharibənin nə vaxta kimi davam edəcəyini heç kim bilmir. Müharibələr illər çəkə bilir. Amma heç bir müharibə bizi ailəmizlə vaxt keçirməkdən bezdirməməlidir. Heç bir müharibə tanımadığımız insanlarla iç-içə dolu restoranlarda oturmaqdan, necə yuyulduğu və bizdən əvvəl kimin istifadə etdiyi qablardan yemək yeməkdən, bizdən əvvəl kimin başını daradığı daraqdan və kimin istifadə etdiyi dodaq boyasından istifadə etməkdən , bizdən əvvəl kimin əyninə geyinib çıxardığı paltarları yenidən geyinib yoxlamadan, özgüvənimizi tətmin etmək üçün günümüzün böyük bir qismini şəkil çəkdirmək üçün sərf etdiyimiz boş vaxtlardan ötəri bizə özümüzü pis hiss etdirməməlidir. 
Əgər bütün bu sadaladıqlarım Sizlərə ailə ilə keçirilən vaxtdan daha dəyərlidirsə, əgər evdə övladınızla birlikdə bişirib yediyiniz yemək sizlərə restorandakı yeməklərdən daha dadsız gəlirsə, insanlıq adına "sərt karantin rejimi” davam etsin! 
  Anara Quliyeva- Klinik psixoloq,    "Loqos” un baş uşaq psixoloqu

Xəbər lenti