Burada Prezidentimizin uzaqgörənliyi mühüm rol oynayır - TƏHLİL

Burada Prezidentimizin uzaqgörənliyi mühüm rol oynayır - TƏHLİL

"Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib. Cənub Qaz Dəhlizi nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır.


Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Baramov deyib: "Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub.

Bu ilki iclas tamamilə fərqli dövrə təsadüf edir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropada enerji böhranın dərinləşməsi və regionda diversifikasiyanın daha da prioritetləşdiyi dövrdə bu iclas geniş miqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir edəcək. Digər tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artmaqdadır. Ötən il Azərbaycanın Avropaya qaz ixracatı 39.0 faiz artıb. Bütövlükdə son 2 ildə Azərbaycan Avropa İttifaqına 20 milyard kub metrdən çox qaz ixrac edib.

Ötən ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan "Abşeron”, "Ümid”, "Asiman”, "Şəfəq” və "Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır.

TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard qaz nəql ediləcək. Bütövlükdə, CQD-nin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Cənub Qaz Dəhlizi Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Gələcək illərdə bu layihə region və qitə üçün əhəmiyyətli olmaqda davam edəcək”

""Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 1-ci toplantısı Azərbaycanın Avropa Birliyi üçün necə vazkeçilməz bir tərəfdaşa çevrildiyini növbəti dəfə ortaya qoydu.


Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Macarıstanın baş naziri yeni reallığı dövlətimizin Avropada önəminin sıçrayışlı artımı kimi qiymətləndirmişdi ki, əslində bu, heç də bizim üçün necə deyərlər göydəndüşmə sayıla bilməz. Burada Prezidentimizin uzaqgörənliyi, təşəbbüskarlığı, ən çətin sınaqlardan uğurla çıxmaq bacarığı, verdiyi sözə, götürdüyü öhdəliyə əməl edən lider kimi tanınması mühüm rol oynayır. Əgər bir dövlət əlində tələb edilən qədər hazır qaz olmadığı və mövcud kəmərlərin buna gücü çatmadığı halda duyulan böyük ehtiyacı nəzərə alıb cəmisi 5 ilə Avropaya əvvəl nəzərdə tutulandan iki dəfə artıq mavi yanacaq satmaqla razılaşırsa, atılan addımlarla bunun mümkünlüyünü göstərirsə, tərəfdaşlarının gözündə təbii ki, çəkisi də, önəmi də eyni sıçrayışla artmalıdır.

Baxın, bu haqda qərar ötən ilin iyulunda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Bakıda səfərdə olarkən Azərbaycanla onun təmsil etdiyi qurum arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandum imzalanarkən qəbul edildi. Və elə həmən il Azərbaycanın Avropaya qaz ixracatı 39 faiz artdı. Cənub Qaz Dəhlizinin ötürmə potensialını 30 milyard kubmetrə çatdırmaq üçün intensiv danışıqlara başlandı. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısına Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı kimi təsisatlarının qatılması onu göstərir ki, TANAP-ın ötürmə gücünü 16 milyard kubmetrdən 30 milyard kubmetrə TAP-ınkını isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq üçün tələb edilən maliyyənin əldə edilməsi elə də çətin olmayacaq.

Eyni zamanda Azərbaycanla Avropa Birliyi arasında artıq rəsmiləşdirilmiş enerji dialoqu çərçivəsində böyük maliyyə tutumlu digər layihələr də var ki, adları çəkilən banklar yəqin burada da öz töhfələrini verəcəklər. Söhbət elektrik enerjisini, hidrogen və yaşıl hidrogenin Avropaya çatdırılması üçün gərəkən infrastruktura çəkiləcək xərclərin ayrılmasından gedir ki, onun da həcmi milyardlarla ölçülür.

Ötən ilin dekabrında Avropaya yaşıl enerji ixracıyla bağlı artıq ilk addım atıldı. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan anlaşma imzaladılar. Azərbaycanın istehsal edəcəyi 4 qiqavat yaşıl enerjini Gürcüstan üzərindən Rumıniya və Macarıstana ötürmək üçün Qara dənizdən keçəcək 1195 kilometr uzunluğunda sualtı kabelin çəkilməsi planlaşdırılır. Bu, indiyədək dünyada ən uzun sayılan, Norveçi Böyük Britaniya ilə birləşdirən sualtı kabel(720 km)dən az qala iki dəfə böyükdür.

Beləliklə, Azərbaycanın 184 qiqavatlıq bərpa olunan enerji potensialı imkan veiri ki, qərbə gələcəkdə bizə hər il on milyardlarla avro gəlir vəd edən daha böyük həcmdə elektirk enerjisi sataq. Qaza gəldikdə, yeni yataqlardan bu il gözlədiyimiz hasilat, "Şahdəniz”dən çıxarılanın artırılması yönündə atılan addımlar, enerji səmərəliliyi yönündə görülən işlər- qənaət və kombinasiya bizə Avropanı mavi yanacaqla təmin etməklə bağlı üzərimizə götürdüyümüz öhdəliyə tam əməl etməyə imkan veririr və bu əməkdaşlıq azı bir əsr davam edə bilər.

Yeni enerji layihələrinin başqa bir tərəfi isə Rusiyanın mümkün təzyiqləri qarşısında dirəniş potensialı elə də yüksək olmayan Moldova kimi ölkələrin də yanacaqla təminatında oynayacağımız roldur. Bakıda rəsmi səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannisin "Rusiyanın Ukraynaya qarşı təcavüzünə və Qara dəniz hövzəsi regionundakı vəziyyət"ə yanaşmada Azərbaycanın mövqeyini yüksək qiymətləndirdiklərini elə-belə vurğulamırdı.

Məhz enerji təhlükəsizliklərinin təminində Azərbaycanın oynadığı və oynayacağı rola görə Fransa Frankofoniya Təşkilatının Tunisdəki Zirvəsində əleyhimizə hazırladığı qətnaməni özünə ora qatılan ölkələrdən bir köynək yaxın sandığı Rumıniya və Moldovaya qəbul etdirə bilmədi.

Yeri gəlmişkən, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısına qatılan enerji nəhənglərindən arasında Fransanın TotalEnergies şirkəti də vardı. Qəribədir deyilmi, Fransa Prezidenti Avropanı Azərbaycan qazını və enerjisini boykota çağırır, onun ölkəsinin ən nəhəng şirkətlərindən biri isə bizimlə əməkdaşlığa can atır. Çalışır ki, həmən Avropaya indikindən 2 dəfə artıq həcmdə qazımızın çatdırılmasını təmin edəcək yeni layihələrdə o da yer alsın.

Türkiyə Prezidenti cənab Ərdoğan Makron haqqında dövlət başçısı kürsüsündə oturmağa layiq olmayan adam ifadəsini necə də yerində işlədib. Və əgər söhbət strateji vizion, güvən, ləyaqətli davranışdan, rəhbərlik etdiyi dövlətin potensialına potensial qatmaqdan gedirsə, cənab İlham Əliyevin fonunda Fransa Prezidenti necə də cılız və zavallı görünür.”

 

Mənsur Mustafayev

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.6

 

Xəbər lenti