“Bütün sahələrdə gənc kadrlara ciddi etimad göstərilir” - TƏHLİL

“Bütün sahələrdə gənc kadrlara ciddi etimad göstərilir” - TƏHLİL

"Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri də əlbəttə ki, gənclər siyasətidir. Çünki gələcəyimiz olan gənclərin indidən sağlam və savadlı mühitdə böyüməsi həmişə diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilməsi bu istiqamətdə atılan ilk addımlardan biri idi”.


Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib: "1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ümummilli lider Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdu: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Həmin vaxtdan 27 il keçib. Bu gün biz görürük ki, Ulu öndərin ideyaları, onun gənclər qarşısında qoyduğu vəzifələr bu gün tam olaraq yerinə yetirilir. Gənclərimiz bütün sahələrdə, istər elm, istər idman, istər hərbi və digər sahələrdə həmişə Azərbaycanın bayrağını zirvələrə daşımağı bacarırlar. Əlbəttə onlar üçün bu şəraitin yaradılması da həmin gənclərin üzə çıxmasında mühüm rol oynayır. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına imkan yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev daim Azərbaycan gəncliyini diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, 2007-ci il Azərbaycanda "Gənclər ili” elan olunmuşdu. Prezident İlham Əliyevin sözügedən mühüm təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub. Sərəncamla "2007-ci ilin "Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında "Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdu. Bununla da gənclərin nəinki paytaxtda regionlarda da inkişafı üçün müsbət bir zəmin yaradılmış oldu. Gənclərin inkişafı istiqamətində təsdiqlənmiş dövlət proqramları sayəsində bu gün ölkəmizdən kənarda olan gənclərimiz də yüksək səviyyəli təhsil almaqla ölkəmizin inkişafına öz töhvələrini vermiş olurlar. Gənclərlə bağlı siyasət bu gün də davam edir. Dünyada baş verən yeni çağırışlara cavab verəcək gənclərin yetişdirilməsi istiqamətində daim yeni proqramlar tətbiq olunur.

"Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırmış, onların imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermişdir.”


Bu sözləri 7NEWS.az-a açıqlamasında millət vəkili İlham Məmmədov deyib: "Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan vermişdir. Müstəqil Azərbaycan gənclərinin ilk respublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, Dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında” Fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin böyük önəm verdiyi sahədir. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. 1997-ci ildən, həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edən İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin digər sahələrdə olduğu kimi gənclər sahəsində də həyata keçirdiyi bənzərsiz siyasətin bariz nümunəsidir ki, bu gün ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc keyfiyyətli, bilikli kadr kimi yetişir, Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması uğurla gedir. Azərbaycan gəncləri Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədə xüsusi fədakarlıqlar göstərmişdir. Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi ürəkdən təbrik edir, onlara gələcək həyatında müvəffəqiyyətlər arzulayıram."

"Azərbaycan gəncliyi bizim fəxrimizdir, o gənclik dövlətin, dövlətçiliyin əsas sütunlarından biridir. Qürur duyuruq, həmin gəncliklə!.”


7NEWS.AZxəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Azərbaycan gəncliyinin inkişafı, eyni zamanda onların özünü təsdiq etməsi üçün ölkəmizdə çox münbit şərait var və bütün sahələrdə gənc kadrlara ciddi etimad göstərilir. Arzu edirəm ki, bizim gənc yaşda olan dəyərli dostlarımızın səsi hər zaman yüksəklərdən gəlsin, uğurları daim bol olsun və öz üzərlərində daim işləsinlər, çalışsınlar, dövlətimiz, ölkəmiz üçün faydalı olsunlar.” – deyə Partiya sədri fikirlərinə davam edib.

 

Cavid Məhərrəmov

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.10





Xəbər lenti