Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."

Deputatdan SENSASİON YAZI:
Xocalı soyqırımından düz 32 il ötür. Məhz soyqırımından! Hər yerdə belə ifadə etmək lazımdır. Çünki beynəlxalq hüququn yanlış şərh verənləri, qlobal fikir mərkəzlərində əyləşən ikili-üçlu standartlılar, saxta "erməni soyqırımı”na dörd əllə dəstək verib kos-koca faktı – Xocalı boyda soyqırımı görməzdən gələnlər gələcəkdə (mütləq!) veriləcək sanksiyaları, yaradılacaq tribunalları əngəlləmək üçün günü bu gündən fəaliyyətdədirlər, öz aləmlərində hüquq manevri edirlər ki, hadisə maksimum yüngül (yumşaq) anlayışlar üzərindən tövsif olunsun. Üstəlik, məlum səbəbdən - "Soyqırım” adı cinayət təqibində, sanksiya qiymətləndirməsində ən ağır pillə, ən kuliminasion həddir.

Xocalı soyqırımı siyasi qiymətini çoxdan almış bir hadisədir. Fəqət hüquq dilemması bu günə qədər davam edir, öz çarəsini, yöntəmini axtarır. Yenə də... bəzi beynəlxalq güclərin və təşkilatların sərgilədiyi qeyri-obyektiv münasibət səbəbindən!

Əvvəla, beynəlxalq cinayətlər: soyqırım cinayətləri, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri öncə ərazi yurisdiksiyası üzrə təqib edilir. Yəni hadisənin törədildiyi yerin hüquq-mühafizə orqanları çinayət işi açır, istintaq aparır və iş qiyabi xarakter aldıqda cinayətkarlar beynəlxalq axtarışa verilir. Xocalıda törədilən soyqırım cinayəti ilə bağlı problem ondan ibarətdir ki, canilər hal-hazırda Azərbaycan Respublikasının yurisdiksiyasından kənardadırlar. Bu fakt isə artıq milli qanunvericiliyin daha qlobal zonaya - beynəlxalq qanunvericiliyə transferini zəruri edir.
 
 
khojaly_ivleva3 copy.jpg (70 KB)
 
İkincisi, məlum kontekstdə ən kuryoz məqamlardan biri "İNTERPOL”un sırf bu hadisənin törədicilərinə münasibətdə səssiz, fəaliyyətsiz qalmasıdır. Belə ki, Xocalı soyqırımında adı keçənlərin, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən ittiham olunan və Beynəlxalq axtarışa verilən cinayətkarların xarici tranzit ötürümündə, yəni bu dövlətdən o birinə adlamasında heç bir problem yoxdur.

Üçüncüsü, beynəlxalq təcavüzləri təqib etmək üçün 1998-ci ildə, Romada Beynəlxalq Cinayət Məhkəməsi təsis olunub. Sadəcə kuryoz ondan ibarətdir ki, həmin məhkəmənin yurisdiksiyası yalnız 1 iyul 2002-ci ildən etibarən törədilən cinayətlərə şamil edilir. Xocalı soyqırımının hüquqi tanıtımı məsələsində beynəlxalq qüvvələrin masa üzərinə qoyduğu əsas arqument də məhz budur.

Dördüncüsü, beynəlxalq cinayətlərin təqibi üçün həmçinin "Ad Hoc” tribunalları, yəni xüsusi halı nəzərdə tutan tribunallar mövcuddur. Belə tribunallar realda Syerra Lione, Livan üçün tətbiq edilib, əsasını da müvafiq dövlətlə BMT arasında bağlanan müqavilə təşkil edir və "Ad Hoc” mexanizminin məxsusi tərəflərindən biri də odur ki, hadisələrin obyektiv - hüquqi təftişi üçün prosesə milli hakimlərlə yanaşı əcnəbi hakimlər də cəlb edilir.

Digər təcrübə Kambocada mövcuddur. Burada – məhkəmələrdə xüsusi - fövqəladə palatalar yaradılıb. Əsas vəzifə və təyinat isə soyqırım cinayətləri də daxil bütün beynəlxalq cinayətlər üzrə adı keçən canilərin hüquqa təslim edilməsidir. Üstəlik, Kamboca mövzusunda diqqət çəkən daha bir məqam var: məlum məhkəmə - palatalar Kambocada törədilən hərbi cinayətlərdən düz 25 il sonra təsis olunub. Çünki beynəlxalq cinayətlərə münasibətdə zaman faktoru tətbiq edilmir. Müddət sərbəstdir. Məlum xüsusda başqa bir misal çəkim: 1947-ci ildə haqqında Fransa məhkəməsinin qiyabi hökm çıxardığı və hərbi cinayətlərdə ittiham olunan Luis Jörpak yalnız 1983-cü ildə Boliviyadan Fransaya ekstradisiya olunaraq ədalət mühakiməsinə təslim edilib.
 
Untitled-10.jpg (65 KB)
 
Beşincisi, ən çox mübahisə predmeti olan mövzulardan biri də odur ki, Azərbaycan tərəfi Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsini – statutunu niyə ratifikasiya eləmir və ya bu icraat reallaşmadan Xocalı ilə bağlı qlobal-hüquq müzakirəsi açmağa dəyərmi? Bax burada əsas səbəb siyasidir. Niyə? Çünki demək olar, bütün mövcud beynəlxalq təsisatların, ələlxüsus da məhkəmələrin ixtiyari hadisə fonunda vəziyyətdən sui-istifadə halına daha çox rast gəlinir, nəinki problemin həll edilmə istiqamətindəki çabalara. Daha loru dildə desək, cinayət təqibi kontekstində məlum qurum – Beynəlxalq Cinayət Məhkəməsi iddiaçı dövlətin özünü belə nəzarətə götürmə hüququna, imkanına malikdir və onun ədalətli olacağına, əsl günahkarı qoyub kənarda müqəssir axtarmayacağına da kimsənin zəmanəti yoxdur. Elə bu səbəbdəndir ki, Çin və Hindistan kimi böyük dövlətlər məhkəmənin fəaliyyətində iştirak etmirlər. Amerika və Rusiya kimi dövlətlər isə imzalarını sonradan "Roma Statutu”ndan geri çəkiblər: öz vətəndaşları Beynəlxalq Cinayət Məhkəməsinin təqibinə tuş gəlməsin deyə.

Bir məsələni də xüsusi vurğulayım ki, Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsi ratifikasiya edilmədən də konkret cinayət üzrə yurisdiksiya tanına bilər və buna BCM-nin Nizamnməsi tam imkan verir.

Əlqərəz, Xocalı soyqırımına münasibətdə hüquqi qiymətin verilmə şansı hər dövr üçün öz aktuallığını qoruyub saxlayır.

Tanrıdan müqəddəs şəhidlərimizə rəhmət diləyirəm...
 Elshen_Musayev (2).jpg (288 KB)
 
Elşən Musayev,
Milli Məclisin deputatı

Xəbər lenti