Mingəçevirdə yeni təmir olunan məktəbə baxış keçirilib - FOTOLAR

Mingəçevirdə yeni təmir olunan məktəbə baxış keçirilib - FOTOLAR
Təhsil Nazirliyinin nümayəndəsi və İcra başçısı Mingəçevirdə əsaslı təmir edilmiş 12 nömrəli məktəbdə aparılan işlərlə tanış olublar.
Son illər Mingəçevirdə 10 məktəb binası əsaslı təmir olunub, 4 üçün isə yeni bina tikilib, istifadəyə verilib. Prosesin davamı kimi bu gün Mingəçevirdə əsaslı təmirdən sonra şagird və müəllimlərin istifadəsinə verilən 12 nömrəli məktəbə ictimai  baxış keçirilib. Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimayətinin nümayəndələri məktəbdə olublar. 1970-cü ildən fəaliyyət göstərən məktəb 50 ildə ilk dəfə əsaslı təmir edilib. 450 şagird yerlik məktəb tam təmir olunaraq yeni tədris ilində müəllim və şagirdlərin yolunu gözləyir. Təhsil nazirliyinin nümayəndələri və icra başçısı  müasir standartlara cavab verən müxtəlif fənn kabinetləri, laboratoriyalar, idman zalı, akt zalı, kompüter otağı, qızlar və oğlanlar üçün əmək təlimi otağı və mətbəxə baxış keçiriblər.
Qeyd edək ki,  Mingəçevir şəhərində V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəb binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb. Məktəbin təmirinə ötən ilin sentyabr ayından başlanılıb.
Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev Yeniavaz.com-a müsahibəsində bildirib ki, son 10 ildə Azərbaycanda 3 min yeni məktəb tikilib və əsalı təmir olunub:  "Bu işlərdə cənab president İlham Əliyevin böyük əməyi və diqqəti var. Biz hazırda əsaslı təmir olunan məktəbin açılışını etdik. Düşünürəm ki, növbəti təhsil ili üçün şagirdlər daha gözəl məktəb mühitində təhsillərini davam etdirəcəklər. Tədris əyani həyata keçiriləcək bunun üçün ən mühüm məsələlərdən biri vaksinasiya məsələsidir”.
Mingəçevir Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev mingəçevir təhsilinin  bu il əldə etdiyi nəticələrin ürək açan olduğunu bildirib və qeyd edib ki, Mingəçevirdə az sayda təmirsiz məktəblər qalıb. Məktəb 450 şagird yerlikdi artıq təmirdən sonra məktəbə şagird axını var və bu ildən məktəb 470 şagirdlə təhsilə başlayacaq.

 

Xəbər lenti