Qaqarin şəhərinə və “Ulduz şəhərciyi”nə səfərlərim - FOTO

Qaqarin şəhərinə və “Ulduz şəhərciyi”nə səfərlərim - FOTO

Yuri Qaqarin kosmik fəzaya cığır açan ilk insan olaraq bütün dünyanı heyrətə gətirmişdi. Ötən əsrin 60-70-ci illərində sovet hökumətinin çörəyini yeyən minlərlə uşaq və yeniyetmə kosmonavt olmaq arzusu ilə yaşayır, Qaqarin kimi məşhurlaşmaq barədə düşünür, kosmosdan planetimizi izləməyin xəyallarını qururdu.

Kosmik sənayedə inqilab edən Sovetlər İttifaqı bu uğurun təbliğinə hər zaman mühüm önəm verir, təyyarəçi-kosmonavtlarla ölkənin hər yerində tez-tez müxtəlif görüşlər, tədbirlər keçirirdi. Həmin dövrdə ilk qadın kosmonavt Valentina Tereşkovanın Bakıda "Azərbaycan qadını” jurnalının yubileyinə həsr olunan mərasimdəki çıxışı, kosmonavt Aleksey Yeliseyevin  həmkarları ilə birgə Azərbaycan paytaxtına səfəri, rəsmi görüşlərin ardından əziz qonaqların yeni parkda ağac əkməsi çoxlarının yadında qalıb.  

12 aprel Kosmonavtika günü ərəfəsində əfsanə insan - Yuri Qaqarinin doğma şəhərinə ilk səfərim, oradakı görüşlər yadıma düşdü, bəzi maraqlı məqamları yenidən xatırladım. İndi artıq uzaq görünən 1980-ci ilin yayında baş verənləri yazıya köçürmək istədim.

 

Həmin il Qaqarin şəhərinə yollanan Azərbaycan Tələbə-İnşaat Dəstəsinin üzvləri arasında da yəqin ki, bir zamanlar kosmonavt olmaq arzusu ilə yaşayanlar çox idi. Komissarı olduğum dəstə  Moskvaya, oradan da Qaqarin şəhərinə yola düşdü. Mənzil başına çatmaq üçün sərf etdiyimiz üç saat maraqlı keçdi, Borodino döyüşü meydanı kompleksini də seyr edə bildik. Dəstənin komandiri Rauf  İrzabəyov tələbələrin dislokasiya mərkəzində yerləşmələrini təşkil etdi. İki gün sonra Qaqarin şəhərində SSRİ məkanında Tələbə-İnşaat Dəstələri toplanışının açılışını bildirən lent təntənəli mərasimlə kəsildi. Dünyanın birinci kosmonavtı Yuri Qaqarinin anası Anna Timofeyevnanın biz tələbələrə təbrikini canlı eşitmək, gerçək əfsanə doğan bu ana ilə yanaşı şəkil çəkdirmək qürurverici hiss idi. Qaqarinin ardıcılları təyyarəçi-kosmonavtlar A. Leonov və  V. Jolobov da çıxış edərək biz tələbələri salamladılar. Vitali Jolobov biz azərbaycanlılara necə deyərlər, bir köynək yaxın idi. Məşhur kosmonavt bir zamanlar məhz Bakıda - bizə doğma ali məktəbdə - Neft və Kimya İnstitutunda təhsil almışdı. İndi Dövlət Neft və Sənaye Universiteti adlanan bu təhsil ocağı SSRİ zamanında səsi-sorağı dünyaya yayılan ali məktəblərdən sayılırdı. Onun çox məşhur məzunlarından biri də Qaqarinin davamçısı, təyyarəçi-kosmonavt Vitali Jolobov idi. Vitali Mixayıloviçlə Bakıda bizim ali məktəbdə də görüşümüz olmuşdu, Qaqarin şəhərində həmin tarixi günü də xatırlayıb xeyli söhbət etdik.  

Yeri gəlmişkən, bizim doğma institutun - Neft və Kimya İnstitutunun daha bir məzunu Əkbər Əliyevin də Qaqarin şəhərində böyük nüfuzu var idi, buradakı Tələbə-İnşaat Dəstələrinin komandir müavininin azərbaycanlı olması Bakıdan gələnləri sevindirirdi.  

Rəsmi açılış mərasimindən bir neçə gün sonra da tədbirlər, görüşlər davam edirdi.

Azərbaycandan gələn Tələbə-İnşaat Dəstəsinin üzvlərini Y. Qaqarinin taxtadan qurulmuş ev muzeyinə də apardılar. Dünyanın ilk kosmonavtına məxsus əşyaları, nadir sənədləri, hətta bir zamanlar sürdüyü "Volqa” markalı avtomobilinə baxmaq biz gənclər üçün təbii ki, olduqca maraqlı idi. 

Qaqarin şəhərinə qısa müddətdə alışaraq işə başladıq. Həm məhsuldar çalışır, həm də yaxşı dincəlirdik, digər müttəfiq respublikalardan,  "Qəhrəman şəhər”lərdən gələn Tələbə-İnşaat Dəstələrindəki həmyaşıdlarımızla tanış olur, müxtəlif mədəni tədbirlərdə birgə iştirak edirdik. Belə günlərin birində Mərkəzi Qərargahdan xüsusi seçilən bir neçə tələbənin siyahısını tələb etdilər. Məlum oldu ki, bu fəal gənclər "Ulduz Şəhərciyi”nə aparılacaq. Bizim dəstədən seçilən 4 nəfərlik siyahıya mənim və İbrahim Nəbioğlunun da adı salınmışdı. Bu gün diplomat və jurnalist kimi tanınan İbrahim bəy tələbəlik illərində də ictimai fəallığı ilə seçilirdi. Qaqarin şəhərinə səfərlə bağlı xatirələrimi dəyərli oxucularla bölüşmək barədə düşündüym günlədə İbrahim bəy İstanbuldan mənə telefon açdı. Qəribədir ki, ənənəvi "xoş-beşdən” sonra o da son günlər həmin səfərimiz barədə tez-tez düşündüyünü dedi, 

Mən Bakıda, İbrahim Nəbioğlu İstanbulda eyni vaxtda bir birimizdən xəbərsiz o tarixi səfər barədə düşünürmüşük. Bəlkə də bu bir kosmik instinktdir ki, bizi bu günlərdə ruhlandıraraq o xatirələrə yönəldib. 

Nə isə, qayıdaq Qaqarin şəhərinə. Beləliklə siyahı Mərkəzi Qərargahda təsdiqləndikdən sonra digər dəstə üzvləri ilə birlikdə bizim üçün ayrılmış avtobusda Moskva yaxınlığındakı "Ulduz şəhərciyi”nə yola düşdük. "Ulduz şəhərciyi”nə çatan kimi əsgərlərin əhatəsinə düşdük, bu da təbii idi, çünki sovet dövründə bura məxfi obyekt sayılırdı və qapalı idi. Sənədlərimizi yoxlayandan sonra qapılar üzümüzə açıldı. Burada ilk kosmonavt Yuri Qaqarinin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyduq. Öyrəndik ki, mərhum kosmonavtın həyat yoldaşı və iki qızı şəhərciyin girişindəki hündürmərtəbəli binanın 6-cı mərtəbəsində yaşayır.  

Bu sirli-sehrli ərazini gəzəndən sonra kosmonavtların, onların ailə üzvlərinin və burada çalışan personalın mədəni istirahəti üçün nəzərdə tutulan mədəniyyət evində 10-15 dəqiqəlik sənədli filmi seyr etdik, muzeylə tanış olduq. Muzeyi gəzdikcə bəzilərinin uşaqlıq arzuları, kövrək duyğuları baş qaldırdı. Kosmonavtların geyindiyi skafandra, tübiklərdəki birinci və ikinci səhər yeməkləri, günorta və axşam yeməkləri, onların uçuş zamanı istifadə etdikləri əşyalar uşaqlıq dövrünü çoxdan başa vuran biz tələbə gənclərə maraqlı gəldi.  

Ekskursiyanın sonunda Azərbaycandan gələn Tələbə-İnşaat Dəstəsi adından "Xatirə kitabı”na təəssüratları yazmaq mənə həvalə olundu və mən bunu sevə-sevə, həm də böyük məsuliyyətlə bu işi həyata keçirdim. Cəmi bir il sonra növbəti dəfə də "Ulduz şəhərciyi”nə gəlmək qismət olanda yenə də imzam "Xatirə kitabı”nda göründü.

1981-ci ilin yayında dəstə komandiri olduğum Azərbaycan Tələbə-İnşaat Dəstəsi fərqli heyətlə Qaqarin şəhərinə səfər etmişdi. Dəstənin üzvü, bu gün tanınmış aparıcı Rahib Azərinin təşəbbüsü, rəssam Beydullanın səyi nəticəsində burada Vaqif Mustafazadə Cazz Mərkəzini yaratdıq. Dünya şöhrətli Azərbaycan musiqiçisinin adı ilə bağlı Cazz Mərkəzində səslənən musiqilər, müzakirələr qonşu respublikalardan gələn tələbələrin marağına səbəb oldu. Qaqarinin doğulduğu şəhərdə axşamlar səslənən cazz və etnocazz musiqiləri sanki kosmik səma ilə həmahənglik təşkil edirdi. Şən və maraqlı keçən belə günlərin birində qardaşım Barat Qaqarin şəhərinə qəfil gəlişi ilə məni təəccübləndirdi. Qardaşım Barat xarakterinə uyğun olaraq təkcə bizim dəstənin üzvləri ilə deyil, digər türkdilli respublikalardan gələn tələbələrlə tez ünsiyyət qurdu. Baratın türkdilli respublikaların tələbələrini bir araya gətirərək "Birlik” fəlsəfəsi barədə qızğın müzakirə açması o dövr üçün gözlənilməz olsa da, bir həqiqət idi. 

Qaqarin şəhərinə səfərlər zamanı "Bakı bağı”nın salınmasında yaxından iştirak, Smolensk və Vyazma şəhərlərinə gəzintilər, Moskvada XXVI Yay Olimpiya Oyunlarını canlı seyr etməyimiz gənclik illərində yadda qalan xatirələrdəndir.  

Kosmonavtika ilə bağlı taleyimə yazılan məqamlar Qaqarin şəhərinə, "Ulduz şəhərciyi”nə səfərlərlə bitmir. 

2011-ci ilin aprelində professoru olduğum Bakı Slavyan Universitetində kosmosun fəth edilməsinin 50 illiyi ilə əlaqədar maraqlı bir tədbir təşkil olundu. Mərasimə Rusiyadan kosmonavtlardan ibarət nümayəndə heyəti də təşrif buyurmuşdu. Onların qarşısında çıxış zamanı Qaqarin şəhərində, "Ulduz şəhərciyi”ndə gördüklərimdən ətraflı danışdım. Rusiyalı qonaqlar Bakıda kosmos mövzusundan bu qədər bilgili şəxslə görüşməkdən məmnun olduqlarını bildirdilər.  

Kosmonavtika mövzusundan söhbət açarkən əziz dostum, görkəmli rejissor, milli televiziyamızın patriarxlarından biri, Xalq artisti Vasif  Babayevin bu sahədə xidmətlərini qeyd etməmək insafsızlıq olardı. Həmişə cavan ruhu, şən söz-söhbətləri ilə seçilən "İçərişəhərli” Vasif Babayevi yada salmağım təsadüfü deyil. 1966-cı ildən 1991-ci ilə kimi uzun bir dövrdə SSRİ-nin Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri, əfsanəvi general, Azərbaycanımızın fəxri Kərim Kərimovu bizə tanıdan məhz Vasif Babayev olub. Vasif Babayev öz sənədli filmləri, məqalələri ilə daim Kərim Kərimov kimi görkəmli şəxsi, onun genişmiqyaslı və dünya əhəmiyyətli fəaliyyətini təşviq edib. Ustad rejissorun Kərim Kərimov barəsində  lentə  aldığı "Yüksəliş” filmini əsl sənət nümunəsi saymaq olar. 

Vasif Babayevin çəkdiyi "Yüksəliş” filminin bir neçə il öncə "Nizami” Kino Mərkəzində keçirilən təqdimatı böyük sənət bayramına çevrildi. Kosmonavtikanın banisi Sergey Korolyovun qızı Nataliya Korolyovanın iştirakı və çıxışı mərasimə xüsusi rəng qatdı. Filmin təqdimatında Rusiyadan kosmonavtlar da iştirak etdilər. Qonaqlar general Kərim Kərimovu ehtiramla yad etdilər, Bakının gözəlliyindən ağız dolusu danışdılar.   

Bu gün Azərbaycan dövləti fəzaya öz kosmik peyklərini buraxır, ölkədə "Azərikosmos” Açıq Səhmdar Cəmiyyəti uğurla fəaliyyət göstərir, nüfuzlu ali məktəb kimi tanınan Aviasiya Akademiyası bu sahənin gələcək inkişafına xidmət edəcək savadlı kadrlar hazırlayır. ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirən NASA agentliyində azərbaycanlı gənclər çalışır. Deməli, Azərbaycanın kosmonavtika sahəsinə töhfə verməkdə davam edir və inanıram ki, uğurlarımızın ardı gələcək.

Professor Çingiz Abdullayev


Xəbər lenti