Ramin Aslanovun “Bir Bax, Min Yaşat” sərgisində yaşananlar - Fotolar

Ramin Aslanovun “Bir Bax, Min Yaşat” sərgisində yaşananlar - Fotolar
Heydər Əliyev Sarayında gənc və istedadlı fotoqraf Ramin Aslanovun "Bir Bax, Min Yaşat” fərdi foto sərgisi baş tutub.

Müxtəlif və rəngarəng mövzuları əhatə edən və əsasən təbiət fotojanrına üstünlük verilən fotosərgi müəllifin tamaşaçılar qarşısında ilk hesabatı olub. Azərbaycanımızın şəhər və rayonlarının təbiətinin müxtəlif obrazlı gözəlliklərinin, təbii sərvətlərinin müxtəlifliyinin sərgiləndiyi sərgi tamaşaçılara yüksək sənət zövqü bəxş edib.

Sərgini izləməyə gələnlər arasında mədəniyyət və incəsənət sahəsində olan şəxslər, fotoqraflar yer alıblar. Tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov açaraq, Ramin Aslanovun fotolarından danışıb.

O vurğulayıb ki, Ramin fotoqraflıq sahəsində özünəməxsus bir tərz yaradıb. R.Qasımov fotoqrafın şəkillərdə təbiəti ən gözəl formada əks etdirdiyini deyib.

Ramin isə çıxışı zamanı onu tək qoymayan hər kəsə təşəkkürünü bildirib.

Heydər Əliyev Sarayının foto sərginin təşkilində məqsədi sərgilənən foto nümunələrini geniş ictimaiyyətə təqdim edərək, tanıdaraq gənc, yaradıcı və peşakar insanlara diqqət göstərmək, dəstək olmaqdır.

Sərgidə əsərlərin satışı həyata keçirilib. Əldə olunan vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fonduna ianə ediləcək.


 

Xəbər lenti