Şantaj videolarını yayan KİV-ləri hansı cəza gözləyir? - MEDİA rəsmisindən açıqlama

Şantaj videolarını yayan KİV-ləri hansı cəza gözləyir? - MEDİA rəsmisindən açıqlama
 
 
  
 
Son günlərin əsas müzakirə mövzusu sosial şəbəkələr üzərindən çəkilən şantaj videolarıdır. Xəbər verildiyi kimi, artıq bir neçə tanınmış şəxs şantaja məruz qalıb. Bəzi məlumatlara görə, bu videolar bir mərkəzdən idarə olunan qrup tərəfindən çəkilir, məqsədi şantaj edərək müəyyən tələblərin yerinə yetirilməsidir.


Məsələnin daha acınacaqlı tərəfi ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən bəzi media subyektləri də bu şantaja dəstək olurlar. Bir sıra oxunaqlı saytlarda şantaj videolarını görmək, təbii ki, üzücüdür. Heç bir xəbər yükü olmayan bu videoların KİV-lərin e-resurslarında yerləşdirilməsi bir tərəfdən oxucuya hörmətsizlikdirsə, digər tərəfdən peşə etikasına, ölkə qanunlarına ziddir. Bəs bu hallara qarşı hər hansı addım atılırmı? Məlumdur ki, TV və radiolarda etik qaydalar pozulduqda Milli Televiziya və Radio Şurası qanunvericilikdən irəli gələn tədbirləri görür. Medianın İnkişafı Agentliyi belə hallarda saytlarla iş aparırmı, tövsiyələr verirmi? AFN-in suallarını MEDİA-nın media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əbülfətoğlu cavablandırdı. "Şantajla, reketçiliklə, hədə-qorxu və əxlaqsızlıqla jurnalistikanın adının ləkələnməsi həqiqətən bizi çox məyus edir" - deyən R.Əbülfətoğlu mövcud durumun utancverici olduğunu bildirdi: "Əxlaq, doğrudan, güzgüdür və hər kəsin siması bu güzgüdə daha aydın əks olunur. Mən öz şəxsi, subyektiv fikirlərimi söyləyirəm. Çox utancvericidir ki, bu gün bəzi media subyektlərinin çörəyi kimlərinsə əxlaqa zidd hərəkətlərini, porno görüntülərini tirajlamaqdan çıxır. Doğrudanmı mediamızın bir hissəsi bu qədər dibdədir? Doğrudanmı baxış sayını yüksəltmək üçün bu qədər alçalmaq lazımdır? Ən dəhşətlisi isə budur ki, bunların arasında bizim elan etdiyimiz müsabiqələr zamanı tələb olunan meyarlara öz aləmində cavab verdiyini və dövlətdən maliyyə dəstəyi almağa iddialı olan bəzi media subyektləri də var. Zaman, müəyyən mənada nəticələrimizin haqlı olduğunu təsdiqləyir. Biz hansı üzlə, hansı haqla bu tip saytları maliyyələşdirə bilərdik? Hansı siyasət, ideoloji xətt, təbliğat, təşviqat, maarifləndirmə, bir sözlə, hansı xidmətlərinə görə?"
R.Əbülfətoğlunun sözlərinə görə, yarandığı qısa müddət ərzində MEDİA Agentliyi jurnalistlərin təhsilinin və peşəkarlığının artırılması, media subyektlərinin inkişafı, onların stimullaşdırılması, media sənayesində sağlam rəqabət mühitinin formalaşdırılması üçün maksimum fəaliyyət göstərir: "Lakin sənin jurnalistikan, əxlaqın, peşə etikan, təfəkkürün belədirsə, Agentlik səni hətta istəsə belə dəyişdirə bilməz. Siz birinci dəyişməlisiniz ki, fərqli münasibət görəsiniz! Ən azı şərəfli Azərbaycan jurnalistikasının adına layiq olmaq üçün!"
Məsələnin hüquqi tərəfinə gəldikdə, MEDİA sözçüsü qeyd etdi ki, hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən, kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə konkret məsuliyyət nəzərdə tutulur: "Pornoqrafik materialları dərc etdikdə və ya efirə verdikdə, o cümlədən "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduqda redaksiya (məsul redaktor) və jurnalistlər (müəlliflər) qanunvericiliyə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar. Xatırladım ki, Qanuna əsasən, pornoqrafik materiallar dedikdə əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər materiallar nəzərdə turulur.
Qanunda o da qeyd olunur ki, əməliyyat-axtarış tədbirləri istisna olmaqla, şəxsin onun xəbəri olmadan kütləvi informasiya vasitələrinin nümayəndələri və ya başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişi, səsinin yazılması və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məsələn, 10-1-ci maddəyə əsasən vətəndaşın bu barədə yazılı razılığı olmadan onun barəsində gizli audio və video yazılarından, kino və foto çəkilişindən istifadə etməyə və ya hazırlanmış məlumat və materialların məhkəmənin qərarı olmadan nümayiş etdirilməsinə yol verilmir. Bu maddənin tələblərini pozaraq gizli audio-video yazılardan, kino-foto çəkilişindən istifadə olunması və onun yayılması qanunvericiliyə uyğun şəkildə məsuliyyət vəd edir.
Sualınızın ikinci hissəsinə gəlincə, sözsüz ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi özünün müvafiq xüsusi struktur bölmələri və digər aidiyyatı dövlət qurumları ilə birlikdə bu gün miqyaslı monitorinqlər aparır və hər kəs bilsin ki, bu kimi hallar çox ciddi müşahidə altındadır. Nəticədən asılı olaraq mövcud qanunvericiliyin tələblərini pozmuş kütləvi informasiya vasitəsinin istehsalı və yayımı məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər. Eyni zamanda kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə inzibati məsuliyyətə cəlb edilmiş və qərar qüvvəyə mindiyi gündən bir il ərzində həmin əməli təkrar törətmiş media subyektləri müəyyən olunarsa Agentlik həmin KİV-lərin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıra bilər.
Bütün bunları nəzərə alaraq və bir daha fürsətdən istifadə edərək kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyini diqqətə çatdırmaqla xatırladırıq ki, media subyektləri və jurnalistlərimiz peşə etikasına və Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə riayət etməyə borcludurlar".

Xəbər lenti