Suqovuşanda keçirilən ilk beynəlxalq yarış dünyaya ismarıcdır

Suqovuşanda keçirilən ilk beynəlxalq yarış dünyaya ismarıcdır
"İşğaldan azad edilmiş ərazilərdə təşkil olunan beynəlxalq idman tədbirləri dünya ictimaiyyətinin diqqətinin Azərbaycan reallıqlarına və potensialına yönəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir”.

 

Bu sözləri Milli Məclisin deputatı Əli Hüseynli deyib. O xatırladıb ki, bir neçə gün bundan öncə ölkə ictimaiyyəti və bütün dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü böyük təntənə və ehtiram hissi ilə qeyd edib:

 

"Bu əlamətdar təqvim bütün dövlət qurumları və ictimai-siyasi təşkilatlar tərəfindən siyasi, mədəni-kütləvi xatirə tədbirləri ilə müşayiət olundu. Onların sırasında işğaldan azad edilmiş ərazilərdə keçirilən mədəni-kütləvi tədbirlər və idman yarışları öz əhəmiyyətinə görə daha diqqətçəkən olub. 

 

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə mayın 6-da Tərtər rayonunun Suqovuşan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən "Prezident kuboku-2022” reqatasına start verilib və növbəti gün Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə yarışları ilə başa çatıb".

 

"Birinci mərhələsi Suqovuşan Su Anbarında keçirilən ilk beynəlxalq idman yarışına Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan, Moldova və Özbəkistanı təmsil edən 100-dən artıq idmançının qatılması bütün dünyaya ismarıc olaraq onu göstərir ki, bu ərazilərin dirçəlməsi və iqtisadi inkişafı ilə bağlı proseslər digər sahələrlə paralel şəkildə gedəcək. "Prezident kuboku-2022” reqatası eyni zamanda azərbaycan xalqının və dövlətinin öz torpağının əsl sahibi və ona necə bağlı olduğunun təcəssümüdür.  

 

Böyük ruh yüksəkliyi şəraitində keçən və iştirakçılara xoş təəssüratlar bağışlayan bu yarışlar dünya ictimaiyyətinin Azərbaycan reallıqlarına, onun sülhsevər siyasətinə, xalqımızın mədəniyyətinə, milli-mənəvi dəyərlərinə, tolerantlıq ənənələrinə diqqətinin yönəldilməsi, habelə ölkəmizin işğaldan azad edilmiş ərazilərinin böyük turizm imkanlarının nümayişi baxımından müstəsna əhəmiyyət kəsb edir" - Əli Hüseynli vurğulayıb./Modern
 
Lobbi.Az

Xəbər lenti