“TurAz Qartalı” başladı: Türkiyənin F-16 qırıcıları, pilotsuz döyüş aparatları Azərbaycanda

“TurAz Qartalı” başladı: Türkiyənin F-16 qırıcıları, pilotsuz döyüş aparatları Azərbaycanda

"TurAz Qartalı” başladı: Türkiyənin F-16 qırıcıları, pilotsuz döyüş aparatları Azərbaycanda
Azərbaycan və Türkiyə silahlı qüvvələrinin dünən iyulun 29-da başlayan birgə irimiqyaslı manevrləri qardaş ölkənin KİV-ləri tərəfindən də yaxından izlənilir.

"Yeni Şafak” qəzeti və digər KİV-lər bu təlimlər barədə yazaraq birgə manevrlərin "TurAz Qartalı” hava döyüş təlimləri ilə başladığını qeyd edir. 

Qəzetin yazdığına görə, Türkiyə və Azərbaycan hərbi hava qüvvələrinin ənənəvi ortaq manevrləri olan "TurAz Kartalı”-na Türkiyə Hərbi Hava Qüvvələri 10-a yaxın döyüş təyyarəsi ilə qatılır. Təlimlərdə iştirak edən F-16 qırıcıları dünən Bakı ətrafındakı hərbi aerodromlardan birinə enib və qəzet yerli sakinlərin təyyarələri böyük sevinclə qarşıladıqlarını qeyd edir. Bildirilir ki, təlimlər bu dəfə Qarabağa, o cümlədən Ermənistanla sərhədə yaxın poliqonlarda keçiriləcək.

Avqustun 10-na qədər davam edəcək "TurAz Qartalı” təlimlərində Türkiyənin F-16 qırıcıları, PUA-ları və döyüş pilotsuz aparatları ilə yanaşı Azərbaycan HHQ-nin MiQ-29, Su-25 döyüş təyyarələri, Türkiyədən bu günlərdə tədarük edilən PUA-lar, o cümlədən döyüş pilotsuz aparatları birgə döyüş manevrləri həyata keçirəcək.

 

"Türk qırıcıları Azərbaycan səmalarında qardaşlarına güvən, düşmənə qorxu yaşadacaq. Gecə və gündüz şəraitində həyata keçiriləcək birgə hava təlimlərinin qarşıdakı günlərdə döyüş atışlı mərhələsi olacaq. Gəncə ətrafındakı poliqona atılan bombaların səsi Tovuzdan eşidiləcək”,-qəzet yazır.

Bildirilir ki, manevrlərdə hücum əməliyyatının bütün aspektləri sınaqdan çıxarılacaq. Təlimlərdə qoşunların cəmləşməsi, hücuma hazırlaşması, hədəflərə havadan yaxınlaşma, hücum və hədəflərin dəqiq zərbələrlə vurulması məşq ediləcək. Təlimlər çərçivəsində Türkiyənin yeni silah sistemləri, o cümlədən Azərbaycanın Türkiyədən aldığı sistemlər real döyüş əməliyyatlarına maksimal yaxın şəraitdə sınaqdan keçiriləcək.

"TurAz Qartalı” təlimlərinin başlaması ilə əlaqədar Türkiyə prezidentinin yardımçısı Fuat Oktay özünün Tvitter bloqundan mesaj yayıb. O, Türkiyə ilə Azərbaycan hərbi hava qüvvələrinin, quru qüvvələrinin genişmiqyaslı hərbi təlimlərə başladığını qeyd edib və bildirib: "Qardaş Azərbaycanla hər zaman və istənilən şərtlərdə birlikdə hərəkət etməkdə davam edəcəyik. Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq”.

Xəbər lenti