“Özbəkistan bütün dövrlərdə Azərbaycana öz mənəvi dəstəyini göstərib” – DEPUTAT

“Özbəkistan bütün dövrlərdə Azərbaycana öz mənəvi dəstəyini göstərib” – DEPUTAT
"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana növbəti səfəri və orada keçirilən görüşlər iki dövlət arasındakı münasibətlərin daha da möhkəmlənməsi və inkişafı baxımından olduqca önəmlidir. Ölkə Prezidentlərinin görüşündə də ikitərəfli münasibətlərin tarixi, keçmişi və perspektivi haqqında geniş bəhs olundu və həmin münasibətlərin bu günki səviyyəsi yüksək qiymətləndirildi.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Özbəkistan 44 günlük Vətən Müharibəsində Azərbaycana öz mənəvi dəstəyini göstərib və müharibədən sonrakı dövrdə də həmin dəstək davam edib. İşğaldan azad edilmiş Füzuli şəhərində məktəbin tikintisi ilə bağlı təşəbbüs qeyd etdiyim dəstəyin nümunələrindən biridir və cənab Prezidentin söylədiyi kimi: bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq.

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələləri də prioritet təşkil edir. Həmin münasibətlər bu gün də var və daha öncəki səfərlər çərçivəsində əldə olunmuş razılaşmaların icrası tamamlanandan sonra daha da genişlənəcək.

Özbəkistan ruhən də, fikrən də, strategiya baxımından da Azərbaycana çox yaxındır və bu münasibətlərin bir çox istiqamətlərdə vahid düşüncəyə, eyni amala köklənməsi dövlətlərimiz, xalqlarımız arasındakı dostluğun, qardaşlığın təməl prinsipini təşkil edir.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti