Zəfər Günü ərəfəsində növbəti diplomatik UĞUR

Zəfər Günü ərəfəsində növbəti diplomatik UĞUR

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən gün Soçidə keçirilən üçtərəfli görüşü ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

Vitse-spikerin müsahibəsini təqdim edirik:

 

- Əli müəllim, bir neçə gündür ki, ictimaiyyətin əsas müzakirə mövzusuna çevrilmiş Soçi görüşünü necə dəyərləndirisiniz?

 

- Soçi görüşü Azərbaycan Prezidentinin növbəti ciddi uğurudur. Bu uğuru səciyyələndirən əsas faktor cənab İlham Əliyevin müstəqil, sistemli ardıcıl xarici siyasətidir, eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə mövcud olan etimadlı və şəxsi dostluq münasibətləridir.

 

- Görüşün yekunu kimi Soçi bəyanatının müddəaları ilə bağlı bağlı fikirləriniz maraqlı olardı.

 

- Birincisi odur ki, bu sənədin bütün müddəaları 10 noyabr 2020-ci il üçtərəfli Moskva bəyanatının icrası məqsədini daşıyır. Bu isə o deməkdir ki, regionda kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması labüddür. İkincisi, bəyanat ölkələrin ərazi bütövlüyünün toxunulmazlığını və sərhədlərin dəyişilməzliyini bir daha  təsdiq edir. Üçüncüsü, burada sülh müqaviləsinin bağlanmasının vacibliyi vurğulanır. Dördüncüsü,  xalqlar arasında etimadın yaradılması məqsədilə üçtərəfli əməkdaşlığın təklif olunmasıdır ki, bu da sülh müqaviləsini zəruri edən faktorlardan biri kimi dəyərləndirilməlidir.

 

- Əli müəllim, bir sıra ekspertlərin görüş ərəfəsində narahatlıqlarının şahidi olduq. Sizcə buna əsas vardımı?

 

- Bu ona görə baş verirdi ki, hadisələrin  gedişində çıxışlardakı bəzi mühüm və müsbət məqamlar bilərəkdən kontekstdən çıxarılmışdı və yaxud kompleks şəkildə şərh edilmirdi. Məqsəd isə ictimaiyyəti çaşdırmaq və məsələnin əsl mahiyyətindən yayındırmaq idi. Lakin, bildiyiniz kimi, sonuncu Valday forumundakı çıxışında Vladimir Putin bu məsələlərlə bağlı bütün məqamların Azərbaycanla razılaşdırılmalı olduğunun zəruriliyi haqda fikir söylədi. Bu, artıq Azərbaycanın bütün proseslərdə aydın görünən  üstünlüyünün göstəricisidir. Növbəti mərhələdə - KTMT-nin Astana iclasında isə Belarus prezidenti Aleksandr  Lukaşenko da  aydın və Ermənistanı xəbərdaredici mesajlar verdi. Təbii ki, onun bölgədə gedən proseslərlə bağlı, Azərbaycanın hamı üçün dost və güclü ölkə olması ilə bağlı söylədikləri təşkilata daxil olan ölkələrin liderlərinin ümumi fikridir. Və Soçi görüşü əslində bu pozitiv hadisələr fonunda baş tutacaqdı. Soçidə isə Rusiya prezidenti ilə görüş zamanı Prezident İlham Əliyev bir daha Qarabağ münaqişəsinin bitdiyini və onun müzakirə mövzusu olmadığını söyləməklə müzakirə masasına çıxarılacaq məsələlərin bundan sonrakı mərhələyə, yəni Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə həsr olunacağını bəyan etdi. Nəticə etibarilə biz bəyanatda İlham Əliyevin məntiqinin əks olunduğunu görürük, belə ki, yekun sənəddə Qarabağla bağlı heç bir müddəa yoxdur və ola da bilməzdi.

 

- İndi erməni mətbuatı Paşinyanın fiaskoya uğradığını söyləyir. Sizcə, Xankəndidəki etiraz mitinqi və Emənistanın revanşist davranışı fonunda Paşinyan üzərinə götürdüyü öhdəlikləri necə icra edəcək?

 

- Soçi görüşündə təkcə Paşinyan deyil, eyni zamanda onunla eyni düşüncəyə malik bizim radikal müxalifəti də fiaskoya uğramış oldu. AXCP sədri  Kərimov Əlinin və onun tərəfdarlarının görüş öncəsi sülhməramlı qüvvələrin mandatının uzadılacağı ilə bağlı irəli sürdükləri gülünc iddialar onların təkcə məkrli niyyətlərindən yox, həm də siyasi savadsızlıqlarından irəli gəlir. Çünki, bu məsələ 10 noyabr 2020-ci il bəyanatında tam əksini tapıb. Onlar isə erməni revanşistlərinin təsiri altında eyni fikri bölüşürlər. İndi hər şey bitəndən sonra "böyük təhlükədən bu dəfə yayınmaq mümkün oldu” kimi uydurma və gülünc fikirlərlə özlərinə təsəlli tapırlar... 

 

Beləliklə, bütün xarici və daxili təhdidlərə baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev 8 noyabr – Zəfər Günü ərəfəsində növbəti diplomatik uğura imza atdı.


Xəbər lenti